Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının aparıcı solisti, əməkdar artisti Kamilla Hüseynova Böyük Teatrda təcrübə keçir.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə Rusiya Dövlət Akademik Böyük Teatrı arasında imzalanmış yaradıcılıq əməkdaşlığı haqqında razılıq əsasında oranın balet repertuarını izləmək imkanı əldə edəcək.
Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təcrübə müddətində Kamilla Hüseynova Böyük Teatrın aparıcı solistləri ilə birlikdə gündəlik balet dərsləri və trenajlarda iştirak edəcək, tanınmış xoreoqraf-pedaqoqların rəhbərliyi altında klassik balet tamaşalarında ifa etdiyi aparıcı partiyalarda ustalığını təkmilləşdirəcək, həmçinin balet truppasının təşkilati və istehsalat-yaradıcı fəaliyyəti ilə yaxından tanış olacaq.
Bununla yanaşı, müvafiq əməkdaşlıq çərçivəsində Böyük Teatrın aparıcı solistləri – həmyerlimiz Çinarə Əlizadə və onun həmkarı Mixail Lobuxin noyabrın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində L.Minkusun “Don Kixot” baletinin tamaşasında iştirak edəcəklər. Hazırda Rusiya Dövlət Akademik Böyük Teatrı və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərlikləri daha böyük yaradıcılıq layihələrini gerçəkləşdirmək üzərində çalışır və bu barədə gələcəkdə ictimaiyyətə məlumat veriləcək.